Almaniyanın “Fortuna” (Düsseldorf) klubunun avstriyalı müdafiəçisi Kristof Klarer Bundesliqanın yeni təmsilçisi “Darmştadt”a keçib.
Arena.az xəbər verir ki, bu barədə 23 yaşlı oyunçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Darmştadt” bu transfer üçün “Fortuna”ya 2 milyon avro ödəyib. Mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

Kristof Klarer Vyana “Rapid”inin, “Sauthempton”un aşağı yaş qrupları üzrə komandalarında oynasa da, peşəkar karyerasına “Sankt Pölten”də başlayıb. O, 2020-ci ildən formasını geyindiyi “Fortuna”da 80 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi də olub. Klarer Avstiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.
Debütantın daha bir yeni transferi Fabian Nürnbergerdir. “Nürnberq”dən azad agent kimi ayrılmış 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yetirməsi olduğu “Nürnberq”in əsas komandasında 108 oyuna 9 qol vurub, 6 assist edib.

“Maqdeburq”un 23 yaşlı yarımmüdafiəçisi Andreas Müller də azad agent kimi “Darmştadt”a qoşulub. Alman futbolçu yeni klubu ilə 3 illik sözləşmə imza atıb. Dayaq yarımmüdafiəçisi 2020-ci ildən formasını geyindiyi “Maqdeburq”da 95 oyuna çıxıb, 9 qol və 5 assistlə yadda qalıb.

“Darmştadt” “Ştutqart”ın mərkəz müdafiəçisi Matey Maqlitsanı da heyətinə qatıb. Xorvatiyadan olan 24 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. “Ştutqart”a bu ilin yanvarında “Sankt Pölten”dən transfer olunan futbolçu Bundesliqa təmsilçisində cəmi 1 matç keçirib.

“Darmştadt”ın hücumçusu Kinan Bennetts isə “Vehen”ə keçib. Bu klubdan azad agent kimi ayrılan ingilis forvard yeni komandasında 2 illik müqaviləyə imza atıb. O, ötən ilin oktyabrından formasını geyindiyi Almaniya klubunda cəmi 16 oyun keçirsə də, qol vura bilməyib.
Fillip Tiets “Auqsburq”a satıldı
“Darmştadt” digər hücumçusu Fillip Tietsi də “Auqsburq”a satıb. 26 yaşlı alman forvardın satışı kluba 2,5 milyon avro qazandırıb. O, 2021-ci ildən formasını geyindiyi “Darmştadt”da 72 oyuna 29 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. Tiets “Vehen”, “Karl Tseyss”, “Paderborn”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda da oynayıb.

Yeri gəlmişkən, Tietsi transfer edən “Auqsburq” sol cinah yarımmüdafiəçisi Lasse Günteri “Vehen”ə icarəyə verib. Qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq 20 yaşlı alman vinger ötən mövsümü də “Yan Regensburq”da icarədə olub. “Bayern”in yarımmüdafiəçisi 2021-ci ilin yayında transfer olunduğu “Auqsburq”un əsas komandasında cəmi 7 oyun keçirib.


