Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qarşıdakı Avropa çempionatına hazırlığı paytaxt Bakıda davam etdirir.
Arena.az xəbər verir ki, Ataman Güneyligilin çalışdırdığı komandamız təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları da keçirir.
Millimiz bu gün Bakıda hazırlıq keçən Belarus yığması ilə daha bir yoxlama oyununa çıxıb. Komandamız bu oyunda 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında daha bir yoxlama oyunu keçiriləcək. Ötən gün baş tutan ilk sınaq matçı da millimizin qələbəsiylə yekunlaşmışdı – 3:0.
Yeri gəlmişkən, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bugünkü yoxlama oyunundan sonra qadınlardan ibarət millimizin üzvləri ilə görüşüb. Şahin Bağırov voleybolçularımızla söhbət edib, onların səhhəti ilə maraqlanıb. Həmçinin AVF rəhbərinə Avropa çempionatına hazırlıq prosesi haqqında məlumat verilib.
Federasiya rəhbəri millimizin qitə birinciliyində uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçularımıza yarışda uğurlar arzulayıb.
Xatırladaq ki, Azərbaycan millisi bir müddət əvvəl Bosniya və Herseqovinada da bir həftəlik təlim-məşq toplanışında olmuş və bu ölkənin yığması ilə üç yoxlama oyunu keçirmişdi. İlk oyunda 2:2 hesabı qeydə alınmış, digər iki qarşılaşmada isə millimiz 3:1 hesabı ilə qələbə qazanmışdı.


