Bakıdakı Dünya Kubokunda 3-cü mərhələ başlayır

İyulun 30-da start götürən və Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün üçüncü mərhələnin ilk görüşlərinə start veriləcək.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən də altı şahmatçı bu mərhələdə zəkasının itiliyini yoxlayacaq.

Teymur Rəcəbov ispan Hayme Santosla qarşılaşacaq. Milli komandamızın üzvü Nicat Abasovun rəqibi Niderland təmsilçisi Aniş Giri olacaq. Üçqat Avropa çempionu Rauf Məmmədov FIDE adından çıxış edən vitse-dünya çempionu Yan Nepomnyaşiylə mübarizə aparacaq.

Digər iki şahmatçımızın rəqibi ABŞ təmsilçiləridir. 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli Rey Robsonla üz-üzə gələcək. Qədir Hüseynov isə Lenyer Domingeslə yarışacaq.

Mübarizəni davam etdirən yeganə xanım şahmatçımız Ülviyyə Fətəliyeva üçüncü mərhələnin ilk görüşündə ağ fiqurlarla çıxış edəcək. Avropa çempionatının bürünc mükafatçısı bu mərhələdə Çin təmsilçisi, dünya çempionu Yu Vençjunu üstələməyə çalışacaq.

Oyunlar saat 15-00 da başlayacaq. Sabah bu mərhələnin cavab görüşləri baş tutacaq. İki gündə qalib müəyyənləşməsə, şahmatçılar növbəti gündə tay-brekdə üz-üzə gələcəklər.

Xatırladaq ki, sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunda ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: