Avropa Konfrans Liqasının “Neftçi” – “Beşiktaş” oyunundan öncə baş məşqçilərin mətbuat konfransı və komandaların açıq məşqləri baş tutacaq.
Arena.az xəbər verir ki, artıq bu tədbirlərin başlama saatları və məkanları müəyyənləşib.
Bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, əvvəlcə “Neftçi”nin baş məşqçisi Adrian Mutu və futbolçu Filp Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir sabah – avqustun 9-da “Neftçi Arena”da keçiriləcək və saat 18:30-da başlayacaq. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 20:00-da “Beşiktaş”in baş məşqçisi Şenol Günəş və futbolçu Salih Uçanın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 20:30-da isə Türkiyə təmsilçisinin açıq məşqinə (ilk 15 dəqiqəsi) start veriləcək.
Xatırladaq ki, “Neftçi” – “Beşiktaş” oyunu avqustun 10-da “Neftçi Arena”da keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək. Azərbaycan və Türkiyə klubları arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 17-də İstanbulda keçiriləcək. Həmin matça da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Sonda onu da qeyd edək ki, bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.


