“Çelsi” Abramoviçin “hoqqaları”na görə cəzalana bilər

“Çelsi” Roman Abramoviçin dönəmində ofşor şirkətlərə gizli ödənişlər etdiyinə görə cərimələnə və turnir xallarından məhrum edilə bilər.

Arena.az bu barədə “The Times”a istinadən məlumar verir.

Todd Boulinin rəhbərlik etdiyi London klubunun yeni amerikan sahibləri, rusiyalı iş adamı Roman Abramoviçin “zadəganlar”a rəhbərliyi dövründə dəfələrlə yol verillmiş qayda pozuntuları ilə bağlı Premyer Liqaya, İngiltərə Futbol Assosiasiyasına və UEFA-ya məlumat veriblər.

Həmin vaxt klubun hesabında “zadəganlar”ın transferləri ilə bağlı müxtəlif ofşor şirkətlərə çoxlu ödənişlər olub. Vurğulanır ki, ödənişlər klubun illik maliyyə hesabatlarına daxil edilməyib. Bu, liqa qaydalarının pozulması deməkdir. İngiltərə Premyer Liqası artıq, təhqiqata başlayıb. London nəhənginin təqsiri hələ sübut edilməyib, amma bunun sübuta yetiriləcəyi halda, “Çelsi” Premyer Liqada turnir xallarından məhrum edilə və ya böyük məbləğdə cərimə ödəməyə məcbur ola bilər. Hazırda həm Premyer Liqanın, həm də klubun nümayəndələri bu vəziyyəti şərh etməkdən imtina ediblər.

Xatırladaq ki, daha əvvəl UEFA “Çelsi”ni klubların lisenziyalaşdırılması və maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə (natamam maliyyə məlumatlarının təqdim edilməsi) 10 milyon avro məbləğində cərimə etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: