Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandası Bakıya gəlib.
Arena.az xbər verir ki, bu gün günorta saatlarında İstanbuldan çarter reysi ilə Azərbaycana yola düşən komanda iki saatlıq uçuşdan sonra Bakıya çatıb.
Qonaq komandanı hava limanında bir qrup azarkeş qarşılayıb. Türkiyə nəhəngi gül-çiçək və şüarlarla qarşılanıb. İstanbul təmsilçisinin üzvləri onlar üçün ayrılmış avtobusla məskunlaşacaqları hotelə yollanıblar.

Bu gün saat 20:00-da “Neftçi Arena”da “Beşiktaş”in baş məşqçisi Şenol Günəş və futbolçu Salih Uçanın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 20:30-da isə Türkiyə təmsilçisinin açıq məşqinə (ilk 15 dəqiqəsi) start veriləcək.
Xatırladaq ki, “Beşiktaş” Azərbaycana 23 oyunçu gətirib. Baş məşqçi Şenol Günəş Bakıda keçiriləcək ilk oyun üçün 3 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu seçib:
Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran;
Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Amarti, 24. Valentin Rozye, 77. Umut Meraş;
Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Jan Onana, 83. Jedson Fernandeş, 99. Emrecan Bulut;
Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.
Sabah “Neftçi Arena”da keçiriləcək “Beşiktaş”la oyuna saat 21:00-da start veriləcək. Azərbaycan və Türkiyə klubları arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 17-də İstanbulda keçiriləcək. Həmin matça da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Sonda onu da qeyd edək ki, bu cütün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.


