Neymar “Barselona” ilə müqaviləsini razılaşdırıb

Fransa çempionu PSJ-nin braziliyalı hücumçusu Neymar İspaniya nəhəngi “Barselona” ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

Arena.az məlumat verir ki, bu barədə “El Chiringuito” portalı iddia edir.

Mənbənin məlumatına görə, braziliyalı superulduz illik 13 milyon avro maaş müqabilində müddəti daha bir mövsüm uzatmaq şərti ilə “Barselona” ilə iki illik müqavilə imzalamağa razılaşıb. Keçid üçün tərəflərin bu məsələni yalnız PSJ ilə razılaşdırması qalır. Həm “Barselona”nın və həm də Neymarın bu məsələdə nikbin olduğu vurğulanır.

Daha əvvəl PSJ-nin braziliyalı superulduzun transferi ilə bağlı danışıqlarda bir qədər çeviklik nümayiş etdirərək, Neymarı “Barselona”ya buraxmağa hazır olduğu barədə məlumatlar yayılıb.

Xatırladaq ki, braziliyalı futbolçu 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. O zaman PSJ Neymarı heyətinə qatmaq üçün 222 milyon avro xərc çəkmişdi.

Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, parislilərin heyətində 29 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 17 məhsuldar ötürmə verib və Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: