Norveçin “Lilleström” klubunun nigeriyalı hücumçusu Akor Adams bundan sonra Fransanın “Monpelye” komandasının uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidməti məlumat yayıb.
23 yaşlı forvardın keçidi Liqa 1 klubuna 4,5 milyon avroya başa gəlib. Amma onunla müqavilənin müddəti açıqlanmayıb.
Akor Adams daha öncə Norveçin “Soqndal” komandasında da forma geyinib. O, “Lilleström”də 50 oyuna 28 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
“Monpelye” öz hücumçusu Stefi Mavididini isə İngiltərənin “Lester Siti” klubuna satıb. Fransa klubu bu satışdan 7,5 milyon avro qazanıb. Konqoəsilli ingilis futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. O, “Monpelye”yə 2020-ci ilin yayında “Yuventus”dan 6,3 milyon avro qarşılığında gəlmişdi. Hücumçu bu komandada 98 oyuna 21 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. “Arsenal”ın yetirməsi “Çarlton Atletik”, “Preston Nort End”, “Dijon” kimi klublarda da forma geyinib.
Fransa klubunun konqolu hücumçusu Beni Makuana isə Ukraynanın “Polesye” komandasına keçib. Liqa 1 təmsilçisi 20 yaşlı forvardın satışından cəmi 250 min avro qazanıb. “Monpelye”də 34 oyuna 1 qol və 1 assist müəllifi olmuş gənc hücumçu Konqo yığmasında 12 oyun keçirib.
“Monpelye”nin seneqallı qapıçısı Binquru Kamara da “Po”ya keçib. 26 yaşlı qolkiper azad agent kimi qoşulduğu bu komanda ilə 2 illik anlaşıb. Kamara “Monpelye”də cəmi 6 oyuna çıxıb, 13 qol buraxıb.
“Monpelye” təcrübəli hücumçusu Valer Jermenlə də yollarını ayırıb. 33 yaşlı fransız Avstraliyanın “Makartur” klubuna üz tutub və 2 illik müqaviləyə imza atıb. O, “Monpelye”də keçirdiyi 68 oyunda 7 qol və 4 assistlə yadda qalıb. Fransız futbolçu daha öncə “Monako”, “Olimpik” (Marsel) və “Nitsa”nın da şərəfini qoruyub.
Portuqaliyalı mərkəz müdafiəçisi Pedro Mendes də “Monpelye”dən ayrılıb. Amma 32 yaşlı futbolçu hələ özünə yeni klub tapmayıb. Portuqaliya yığmasında da oynamış Pedro, 2017-ci ildən formasını geyindiyi “Monpelye”də 115 oyuna 5 qol vurub, 2 assist müəllifi olub. O, “Renn”, “Sportinq”, “Parma”, “Real”, “Servett”, “Sassuolo” kimi klublarda da oynayıb.


