PSJ “Yuventus”un sol cinah vingeri Federiko Kyezanı Səudiyyə Ərəbistanına keçməyə yaxın olan hücumçu Neymara əvəz gətirmək niyyətindədir.
Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “qoca sinyora” vingerini 50-60 milyon avro qarşılığında Paris klubuna buraxmağa hazırdır. Kyezanın turinlilərlə daha iki müqaviləsi olmasına rəğmən, vinger “Yuventus”un məşqçi qərargahının onu oynatdığı mövqedən narazıdır. Gəlirini artırmağa və Çempionlar Liqasında oynamağa imkan verəcəyini nəzərə alsaq, Kyeza PSJ-yə keçidinə müsbət yanaşır.
Geridə qalmış 2022/2023 mövsümündə Kyeza “Yuventus”un heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. İtalyan vinger 2020/2021 mövsümündə “Yuventus”la İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb.
Kyeza 2018-ci ildə debüt etdiyi İtaliya yığmasının heyətində 42 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Vinger “skuadra adzurra” ilə 2020 Avropa çempionatını qazanıb. İtalyan vingerin həmçinin UEFA Millətlər Liqasında iki “bürünc”ü var (2020/2021 və 2022/2023).
Kyezanın “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 25 yaşlı Federiko Kyezanı 40 milyon avro məbləğində qiymətləndirir.
“Liverpul”un da Kyezanı transfer etmək istədiyi haqda məlumatlar var. Eyni zamanda PSJ-nin braziliyalı superulduzu, hücumçu Neymarın “Əl-Hilal”a keçmə ehtimalının böyük olduğu vurğulanır.


