“Sauthempton”un və İngiltərə yığmasının sağ cinah vingeri Teo Uolkott 34 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, Uolkott bu barədə öz sosial şəbəkə hesabları üzərindən məlumat verib.
Uolkotun son klubu bir vaxtlar karyerasına başladığı “Sauthempton” olub. O, karyerasına xitam verməsi haqda təsirli ismarış yazıb:
“10 yaşımda butslarımı geyindiyim ilk an mənim üçün xüsusi bir səyahətin başlanğıcı oldu. Dostlarımla parkda oynamaqdan tutmuş, dünyanın hər yerində böyük izdihamın qarşısında ən böyük stadionlarda çıxışa qədər.
Bu müddət ərzində mənə göstərilən dəstək hər mənada inanılmaz idi və mən buna görə səmimi qəlbdən minnətdaram. Mən futbol meydanını çoxlu böyük oyunçularla bölüşmüşəm və çoxlu unudulmaz xatirələrimiz qalıb.
Oynamağa davam etmək təklifi aldığım üçün bəxtim gətirdi. Amma mən karyeramı başladığım yerdə bitirməyi və çəkmələrimi asmağı düzgün hesab edirəm. Bu yolda mənimlə olan hər kəsə təşəkkür edirəm”, deyə Uolkott təsirlənib.
Böyük futbolda karyerasına “Sauthempton”da başlamış Uolkot 2006-cı ildə “Arsenal”a keçib və 2018-ci ilə qədər topçuların heyətində çıxış edib. Məhz “Arsenal”dakı çıxışı ilə Uolkott futbol dünyasında tanınıb. Daha sonra 2018-ci ildə Uolkott “Everton”a keçib və 2020-ci ilə qədər burada çıxış edib. 2020/2021 mövsümündə “Sauthempton”a icarəyə verilmiş Uolkott sonradan tamhüquqlu transferlə doğma klubuna qayıdıb.
Uolkotun klub karyerasının statistikasını təqdim edirik:
“Sauthempton” – 82 oyun, 10 qol, 5 məhsuldar ötürmə;
“Arsenal” – 397 oyun, 108 qol, 80 məhsuldar ötürmə;
“Everton” – 85 oyun, 11 qol, 9 məhsuldar ötürmə.
Uolkott “Sauthempton”la Gənclər arasında İngiltərə Kubokunun finalçısı olub. Bu, onun doğma klubunda ilk və yeganə uğurudur.
“Arsenal” ilə Uolkott 2 dəfə İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu qazanıb, 1 dəfə isə İngiltərə Liqa Kubokunun finalçısı olub.
Uolkott 2006-cı ilin May ayında debüt etdiyi İngiltərə yığmasında 47 oyun keçirib, 8 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.


