Futbol üzrə Çad millisinin və Kiprin “Anortosis” komandasının hücumçusu Kazimir Ninqa bundan sonra “Sumqayıt”da çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Sol cinah vingeri kimi də çıxış edə bilən futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Kazimir Ninqa karyerası ərzində “Monpelye”, “Kan”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə) və “Anortosis” (Kipr) klublarında çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb. O, ötən ilin yayından formasını geyindiyi “Anortosis”də 30 oyuna 5 qol vurub, 1 assist müəllifi olub.
“Sumqayıt” Ninqadan öncə Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa, Roi Kehat, İsa Suliman, Oktavio Manteka, Tresor Mossi və Abu Dosso kimi futbolçuları da heyətinə qatmışdı. Əvəzində Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli komandanı tərk edib. Elvin Bədəlov və Murad Xaçayev isə klubla yeni müqavilə bağlayıb.


