Poçettino Palmerin “Çelsi”yə keçidindən danışdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino zadəganların yeni transferi Koul Palmer haqqında fikirlərini paylaşıb.

Arena.az “Mirror” nəşrinə istinadən Poçettinonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Onun transferi idman direktorunun və həmçinin klub sahibinin fikri idi. Hesab edirəm ki, bizim layihəmizə uyğundur. Təbii ki, o, istedadlı futbolçudur. Palmer gəlməyə qərar verdi, çünki yəqin ki, daha tez-tez oynayacağını və daha böyük rol alacağını gözləyir, amma başlıcası bu deyil. “Çelsi” onun üçün uyğun layihə olduğundan, daha güclü futbolçu olmağa və hər oyunda daha fəal iştirak etməyə imkan yaradacağı üçün gəlməyə qərar verdi.
O, kifayət qədər bacarıqlı futbolçudur və onda böyük imkanlar görünür. İndi o, rahatlanıb uyğunlaşmalı və həmkarlarından daha çox oynamağa layiq olduğunu sübut etməlidir. Amma heyətdə yer uğrunda mübarizə aparmaq çətindir”, deyə Poçettino vurğulayıb.

21 yaşlı ingilis hücumameylli yarımmüdafiəçi “Mançester Siti”nin yetirməsidir. Palmer cari mövsümdə “şəhərlilər”in heyətində 3 oyun keçirib və 2 qol vurub. Ümumilikdə Palmer “Mançester Siti”nin heyətində 41 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
Palmer hələlik İngiltərə yığmasına dəvət almasa da, U-21 yığması ilə yanaşı, aşağı yaş qruplarının yığmalarında – U-15, U-16, U-17, U-18-də oyun təcrübəsinə malikdir və gələcək imkanları yüksək qiymətləndirilir. U-21 yığmasında isə Palmer 13 oyun keçirib, 4 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: