Luçano Spalletti: “Bu, karyeramda aldığım ən yüksək vəzifədir”

İtaliya yığmasının yeni baş məşqçisi Luçano Spalletti milli komandaya təyinatından sonra ilk dəfə açıqlama verib.

Arena.az “Tribal Football” dərgisinə istinadən Spallettinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mənim üçün bu, məşqçilik karyeramda aldığım ən yüksək vəzifədir. Bununla yanaşı, bu, mənə bütün ağırlığını hiss etdirməyə məcbur edən fövqəladə məsuliyyətdir. Amma məhz məsuliyyətdən irəli gələn proseslər bizi daha yaxşı və güclü edir.

Yığma komandanı təmsil etmək bütün futbolsevər İtaliyanı və xəyalları öz futbol super qəhrəmanlarına yönəlmiş bütün uşaqları təmsil etmək deməkdir. İtaliya böyük uğur tarixinə malikdir. Onun böyük çempionları olub, bizim bütün dünyada tanınan nailiyyətlərimiz var. Biz güclü milli komanda olmalı və meydandakı davranışımızla bu barədə aydın ismarış verməliyik.

Məni elə indi oynamağa başlamaq istəyi valeh edir. İtaliya Futbol Federasiyasındakı bütün əməkdaşlar mənə lazım olan hər şeyi, diqqəti göstərdilər və sonra Ukrayna və Şimali Makedoniya ilə növbəti iki oyunda qalib gəlməli olduğumu mehribanlıqla bildirdilər.
Mənim üçün nəsə söz vermək çətindir, amma bura işləməyə gələnlərin hamısının sədaqətinə təminatçı olacağam. Mən ümumi işdə fədakarlıq, qurban və büsbütün iştirak görmək istəyirəm”, deyə Luçano Spalletti tələbkar mövqeyini nümayiş etdirib.

Xatıradaq ki, Spalletti İtaliya yığmasının çalışdırıcısı Roberto Mançininin vəzifəsindən könüllü surətdə istefa verməsindən sonra “skuadra adzurra”ya təyinat alıb.

Təcrübəli mütəxəssis ötən mövsüm “Napoli”yə son 33 ildə ilk dəfə İtaliya çempionluğunu qazandırdıqdan sonra klubla yollarını ayırmış və yaradıcı istirahətə getdiyini açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: