AÇ-2024: 6 komanda şansını itirdi, Azərbaycan üçün möcüzə

AÇ-2024-ün seçmə mərhələsinin 5 və 6-cı turunun oyunlarından sonra 6 komandanın bu turnirin final mərhələsinə yollanmaq şansı bitib.

Arena.az xəbər verir ki, bunlar Kipr, Cəbəllütariq, Latviya, Estoniya, San Marino və Lixtenşteyn yığmalarıdır.

Adıçəkilən yığmaların yer aldıqları qrupda ilk iki pillədə qərarlaşmayacaqları artıq dəqiqdir. Ancaq bəzilərinin UEFA Millətlər Liqasından belə bir imkan əldə etmələri mümkündür. Bu isə AÇ-2024-ün seçmə mərhələsinin yekun nəticələrindən asılı olacaq.

Eyni zamanda, Azərbaycan, Malta, Farer adaları, Bolqarıstan, Litva və Andorranın tsikldən final mərhələsinə vəsiqə qazanmaq şansı möcüzəyə bağlıdır.

F qrupunda qərarlaşan Azərbaycan millisinin hesabında 1 xal var. Canni De Byazinin yetirmələri bundan sonra maksimum nəticə göstərsə, qrupu 13 xalla başa vuracaqlar. Hazırda isə ilk iki pillədə qərarlaşan Belçika və Avstriya 13 xala malikdirlər. Növbəti turda bu iki yığmanın üz-üzə gələcəyini nəzərə alsaq, millimiz ən yaxşı halda 2-ci pilləyə nəzəri şanslarını qoruyur. Bunun üçün Avstriya – Belçika qarşılaşmasında tərəflərdən biri qalib gəlməli, məğlub olan komanda digər matçlarında da uduzmalıdır. Bu baş verərsə və Azərbaycan qalan 4 matçın hamısında qalib gələrsə, xallar bərabərləşəcək. Bu halda isə şəxsi oyunların nəticələrinə baxılacaq. Əlbəttə, 6 xala malik İsveç də son üç qarşılaşmada 6-dan çox xal toplamamalıdır.

Yuxarıda adları çəkilən digər komandalar da yığmamız kimi bundan sonra maksimum xal toplasalar belə, qrupda ikinci olmaq ehtimalları cüzidir.

Azərbaycan millisi üçün uğursuz statistika

Yeri gəlmişkən, Azərbaycan millisi 52 ölkənin mübarizə apardığı tsikldə vurulan qollara görə 46-49-cu yerləri bölüşdürür. Yığmamızdan başqa Kipr, Estoniya və Farer adaları iki dəfə rəqib qapılarına yol tapıblar. Lixtenşteyn və Malta bir dəfə buna müvəffəq olubsa, San Marino və Cəbəllütariq milliləri hələlik fərqlənməyiblər. Portuqaliya 24 qolla birinci pillədə qərarlaşıb.

Seçmə mərhələdə dörd matç keçirən Azərbaycan komandası qapıya vurulan zərbələrdə də son sıralardadır. Futbolçuların 30 cəhdindən 11-i “çərçivə”yə düşübsə, 13-ü hədəfdən yayınıb, 6-sının qarşısı rəqib tərəfindən alınıb. Yığma bu göstəriciyə görə 47-cidir.

Millinin qapıçıları 4 görüşdə 20 qurtarış ediblər. Yığma bu göstəricidə Malta və Belarusla 6-8-ci yerləri bölüşdürür. Bu üç kollektiv buraxılan qol sayında isə 10-12-ci sıralardadırlar.

Qapıçı Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə iki qarşılaşmada meydana çıxsa da, qurtarış sayına görə siyahıda yer alıb. Estoniya (1:1) və Belçika (0:1) ilə oyunlarda 10 dəfə seyv edən qolkiper 30-39-cu yerləri bölüşdürür.

Qeyd edək ki, AÇ-2024-ün seçmə mərhələsində növbəti tura oktyabrın 12-də start veriləcək. Azərbaycan millisi oktyabrın 13-də Estoniyanın qonağı olacaq, 16-da isə Bakıda Avstriyanı qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: