Futbol üzrə İtaliya milli komandasının mərkəz yarımmüdafiəçisi Marko Verratti PSJ-dən Qətərin paytaxt təmsilçisi “Əl-Ərəbi” klubuna keçib.
Arena.az bu barədə Doha klubunun rəsmi saytına istinadən xəbər verir.
Tərəflər arasında müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb. “Əl-Ərəbi transfer müqabilində parislilərə futbolçunun elə, bazar qiyməti qədər, 40 milyon avro və 5 milyon avro məbləğində əlavə üstəlik ödəyəcək. Verratti yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Verratti PSJ-yə 2012-ci ildə qoşulub. İtalyan yarımmüdafiəçi geridə qalmış 2022/2023 mövsümündə PSJ-nin heyətində 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Verrattinin PSJ-nin heyətində ümumi statistikası isə belədir: 416 oyun, 11 qol, 61 məhsuldar ötürmə.
İtalyan yarımmüdafiəçi PSJ ilə xeyli qənimət qazanıb: 9 dəfə Fransa çempionatını, 6 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 9 dəfə Fransa Super Kubokunun qalibi olub.
Marko Verratti 2012-ci ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 55 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa Çempionatını qazanıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı Marko Verrattini 40 milyon avro məbləğində qiymətləndirir.


