DFB: “Almaniya yığmasının baş məşqçisi belə olmalıdır”

Alman Futbol İttifaqının (DFB) rəhbəri Bernd Noyendorf “bundestim”in yeni baş məşqçisinin hansı keyfiyyətlərə malik olmasından danışıb.

Arena.az “Sky Sport Germany”yə istinadən Noyendorfun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bizim aydın fikirlərimiz var və buna çox sistematik yanaşırıq. Yeni məşqçi iddialı, güclü və dözümlü insan olmalıdır”, deyə Noyendorf bildirib.

Xatırladaq ki, sentyabrın 10-da Alman Futbol İttifaqı yığmanın sükanı arxasında silsilə uğursuzluqlar yaşadığı və bunları aradan qaldıra bilmədiyi üçün Hans-Diter Fliki “bundestim”in baş məşqçisi vəzifəsindən azad edib. Flikin köməkçiləri Markus Zorq və Danni Röl də istefaya göndərilib. Almaniya yığması müvəqqəti olaraq Rudi Föllerə tapşırılıb. Əvvəllər yığmanı uğurla çalışdırmış təcrübəli mütəxəssis, Hansi Flikin Yaponiya yığmasına bərbad və biabırçı oyunla 1:4 hesabı ilə məğlub olduğu “alman maşını”nı sazlayaraq, Fransa “xoruzlar”ı üzərində 2:1 hesablı qələbə qazanıb. Amma Föller daha yığmanın qayğıları ilə məşğul olmaq fikrində deyil.

Hazırda Almaniya yığmasının baş məşqçi vəzifəsinə əsas namizədin alman mütəxəssis Yulian Nagelsman olduğu göstərilir. Həmçinin holland çalışdırıcı Lui van Qal və alman mütəxəssislər Feliks Maqat, Mattias Zammer də bu vəzifəyə namizədlər sırasındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: