Futbol üzrə Slovakiya yığmasının və Niderlandın “Qroningen” klubunun hücumameyilli yarımmüdafiəçisi Tomaş Suslov “Verona”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Verona” 21 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb.
Tomaş Suslov peşəkar karyerasına məhz “Qroningen”də başlayıb. O, Niderland komandasında 96 oyuna 5 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Sağ cinah vingeri Slovakiya yığmasında da 21 oyuna çıxıb, 2 qola imza atıb.
Belçikanın “Şarlerua” klubunun sağ cinah vingeri Cekson Tçatçua da “Verona”ya keçib. İtaliya klubu 22 yaşlı belçikalını da bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Kamerun əsilli futbolçu “Şarlerua”da 64 oyuna 2 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
“Verona”nın isveçrəli yarımmüdafiəçisi Kevin Rüeqq də icarə əsasında “Bazel”ə keçib. 2020-ci ildə “Sürix”dən “Verona”ya keçən Rüeqq bu komandada cəmi 9 oyuna çıxıb, 1 assistlə yadda qalıb. 25 yaşlı futbolçu əvvəlki mövsümlərdə “Luqano” və “Yanq Boyz”da da icarədə olub. İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynamış yarımmüdafiəçi əsas millidə debüt şansı qazanmayıb.


