“Mançester Yunayted”in braziliyalı vingeri Antonini zorakılıqda ittiham edən üç qadından daha biri şikayətini geri götürüb.
Arena.az məlumat verir ki, bu qadın, əvvəllər, 2022-ci ilin mayında braziliyalı futbolçunun ona hücum etdiyini iddia edən Rayssa de Freytasdır.
Rayssa avtomobildə olduğunu, Antoni və braziliyalı futbolçu Dudunun keçmiş həyat yoldaşı Mallu Ohanna tərəfindən hücuma məruz qaldığını bildirmişdi. Freytas hadisənin üçlük gecə klubunu tərk etdikdən sonra baş verdiyini iddia edirdi.
Daha əvvəl futbolçunun keçmiş sevgilisi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun məişət zorakılığı ilə bağlı əməllərindən danışaraq, onu müvafiq məsələdə ittiham etmişdi. Antoni müvafiq əməllə bağlı dörd hadisədə ittiham edilir. Sonradan məlum olub ki, Antoniyə qarşı yeni ittihamlar irəli sürülüb. Britaniya mətbuatının məlumatına görə, 33 yaşlı İnqrid Lana braziliyalı futbolçunu hücumda ittiham edib və futbolçu tərəfindən ölümlə hədələndiyini, çılğın hərəkətləri ilə təpgiyə məruz qaldığını iddia edib. Antoni ittihamları təkzib edərək, özünü qurban olduğu və həqiqəti sübut edəcəyini bildirib və İnqrid Lana ilə yazışmaları dərc etdirərək, məsələnin məhkəmə ilə həll ediləcəyini bəyan edib. Sonradan Lananın da iddiasını geri götürdüyü haqda məlumat yayılmışdı.
Müvafiq qalmaqalla əlaqədar, sentyabrın 10-da “Mançester Yunayted” məişət və cinsi zorakılıqda ittiham edilən hücumçusu Antonini növbəti xəbərdarlığa qədər komanda ilə məşqlərdən uzaqlaşdırmışdı. Bundan əvvəl isə Antoni Braziliya millisinin təlim-məşq toplanışından kənarlaşdırılmışdı. Bir neçə gün öncə isə “Mançester Yunayted” braziliyalı vingeri Antonini İngiltərə Premyer Liqasının 2023/2024 mövsümü üçün yekun heyətinə daxil edib.
Vurğulayaq ki, müvafiq iddialarla əlaqədar Antoniyə qarşı rəsmən ittiham irəli sürülməyiv və futbolçu həbs edilməyib. Antoni ədalətin bərqərar olması üçün sona qədər mübarizə aparacağını və karyerasını məhv olmaqdan qoruyacağını bildirib.


