Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olunan Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev yerli mətbuata açıqlama verib.
Arena.az xəbər verir ki, 29 yaşlı qolkiper yeni kluba uyğunlaşmaqda çətinlik çəkmədiyini söyləyib:
“Ötən həftə mənim üçün xüsusi idi. Çünki ilk dəfə azarkeşlərimizlə bir araya gəldim. Onları daha əvvəldən izləyirdim. “Adana Dəmirspor”un bir parçası olduğum üçün fəxr edirəm. Mövqeyimdə güclü rəqabətin olduğunu bilərək gəlmişəm. Üzərimə düşən öhdəlik çox çalışmaqdır. Uyğunlaşma dönəmi mənim üçün asan keçir. Çünki Azərbaycan və Türkiyədə insanlar bir-birilərinə çox bənzəyirlər. Bura gəlməklə bağlı qərarı verərkən çətinlik çəkmədim. Super Liqanı yaxından izləyirdim”.
Şahruddin Məhəmmədəliyev Türkiyə Super Liqasında çıxış edən qapıçılarla bağlı da düşüncələrini bölüşüb: “Heç bir qapıçını özümə kumir saymıram. Fernando Muslera uzun müddətdir yüksək səviyyədə çıxış edir. Dostum İbrahim Şehiç də çox yaxşıdır. Vensan Abubakar və Mauro İkardi kimi böyük futbolçulara qarşı oynamağı sevirəm. Hücumçulardan çəkinmirəm”.
Xatırladaq ki, Şahruddin 2016-cı ilin yanvar ayından “Qarabağ”ın formasını geyinirdi. Təcrübəli qolkiper Ağdam təmsilçisinin heyətində bütövlükdə 131 oyuna çıxıb, 92 qol buraxıb. Onun hesabında 66 “quru” matç da var. “Şah” daha öncə “Sumqayıt”da da oynayıb – 34 oyun, 50 buraxılan qol və 7 “quru” matç. O, Azərbaycan milli komandasında da 20 oyun keçirib. Məhəmmədəliyev hələlik Adana klubunda rəsmi matça çıxmayıb. Onun yeni komandasında nə vaxt debüt edəcəyi də hələ məlum deyil.


