Ronaldo da De Xeanı Ərəbistana getməyə razı sala bilmədi

“Əl-Nəsr”ın portuqal superulduzu Kristiano Ronaldo, ispan qapıçı David de Xeanı özünə komanda yoldaşı olmağa razı sala bilməyib.

Arena.az bu barədə “90min” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 32 yaşlı De Xea daha çox, UEFA Çempionlar Liqasında oynamağa can atır. O, özünün növbəti addımına qədər qış transfer pəncərəsinin açılmasını gözləyərək, bir müddət futbolsuz qalmağa da razıdır.

Vurğulanır ki, De Xea bir sərfəli təklif almayacağı təqdirdə, karyerasını bitirmək üzərində düşünəcək.

Geridə qalmış 2022/2023 mövsümündə De Xea “Mançester Yunayted”in heyətində yarışlarda 58 oyuna çıxıb, 61 qol buraxıb, 25 oyundan “quru” qurtulub. De Xeanın “qırmızı şeytanlar”la müqaviləsi cari ilin iyun ayının sonunda başa çatıb. Təcrübəli ispan qapıçının hətta ehtiyat oyunçular skamyasında əvəzedici qapıçı kimi klubda qalmağa razı olmasına rəğmən, “qırmızı şeytanlar” De Xea ilə əməkdaşlığı davam etdirməkdən daşınıblar. Nəticədə “Mançester Yunayted”dən ayırılmış De Xea hazırda azad agent kimi gələn təklifləri dəyərləndirməklə məşğuldur.

Xatırladaq ki, bir müddət əvvəl “Bayern”in De Xeaya göz yetirdiyi haqda məlumat yayılsa da, sonradan alman klubundan bu mövzuda səs-soraq çıxmadı.

“Transfermarkt” internet-portalı 32 yaşlı David de Xeanı 13 milyon avro məbləğində qiymətləndirir.

Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo bu ilin əvvəlindən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 38 yaşlı forvard bu komandanın heyətində meydana çıxdığı 27 oyunda 23 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: