Litva və İngiltərə də Rusiya ilə bağlı qərara münasibətini açıqladı

Litva Futbol Federasiyası (LFF) UEFA-nın Rusiyanın yeniyetmələrdən ibarət yığma komandaları ilə bağlı qərarına rəsmi etirazını bəyan edib.

Arena.az xatırladır ki, sentyabrın 26-da UEFA-nın İcraiyyə Komitəsinin Rusiyanın yeniyetmələrdən ibarət futbol komandalarının, U-17 yığması da daxil olmaqla, bu yaş qrupuna qədər bütün yaş qrupları üzrə yığma komandalarının beynəlxalq turnirlərə neytral statusda – himn və bayraqsız buraxılması barədə qərar qəbul edib.

Vurğulanıb ki, rusiyalı yeniyetmələrdən ibarət yığmalar Rusiya ərazisində oyunlar keçirə və milli kimlik əlamətləri olan formalarda yarışa bilməyəcəklər.

Litva Futbol Federasiyası bu xüsusda öz rəsmi mövqeyini qurumun saytı üzərindən paylaşıb:

“UEFA-nın bu qərarı bir qədər gözlənilməz oldu. Lakin bu məsələ ilə bağlı mövqeyimiz zərrəcə dəyişməyib və dəyişməz olaraq qalır. Biz hesab etmirik ki, hazırda hansısa Rusiya yığmaları və ya klubları beynəlxalq yarışlarda çıxış etmək imkanına sahib olmalıdır. Hətta baxmayaraq ki, onlar ölkənin bayrağı, himni və ya digər dövlət rəmzlərindən istifadə etməyəcək və neytral meydanda oynayacaqlar.

Bu gün UEFA-nın digər üzvlərinin nümayəndələri ilə çoxlu söhbətimiz oldu. Onlar da bu qərarla razılaşmağa meylli deyillər. Biz bir daha təsdiq edə bilərik ki, əvvəlki mövqelərimizə sadiq qalmağa davam edirik. Sizi əmin edə bilərik ki, püşklə müəyyənləşsə belə, biz rusiyalı futbolçularla oynamayacağıq.

Püşkatma bizim və Rusiyanın yeniyetmələrdən ibarət yığmasını bu və ya digər turnirdə bir araya gətirsə, federasiyanın buna görə hansı sanksiyalarla hədələməsindən və oyunun harada keçirilməsindən asılı olmayaraq, oyunçularımız meydana çıxmayacaqlar”, – qurumun bəyanatında deyilir.

Dünən, Polşa, Latviya, İsveç və Danimarkanın rəsmi ali futbol qurumları da Rusiya qarşı mövqelərini açıqca ortaya qoyublar. Onlar UEFA-nın müvafiq qərarı ilə razılaşmadıqlarını bəyan etmişdilər.

İngiltərə Futbol Federasiyası da rəsmi qərarını açıqladı

Bu arada “The Times” İngiltərə Futbol Federasiyasının (The FA) mövqeyi ilə bağlı məlumat dərc edib. Məlumatda deyilir ki, İngiltərə Rusiyanın yeniyetmələrdən ibarət komandalarının iştirak edəcəyi bütün turnirlərdə iştirakdan imtina edəcək. Vurğulanır ki, İngiltərə Futbol Federasiyası UEFA-nın Rusiyanın yeniyetmələrdən ibarət yığmalarının inteqrasiyası ilə bağlı qərarına rəğmən, öz prinsiplərindən əl çəkməyəcək. İngiltərə, Rusiya Ukraynadakı hərbi-təcavüzkar fəaliyyətinə son verməyincə, müvafiq xüsusda məlum mövqeyini dəyişməyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: