“Mançester Yunayted” komandanın braziliyalı vingeri Antoniyə Erik ten Haqın kollektivi ilə birlikdə məşqlərə başlamağa icazə verib.
Arena.az “Mançester Yunayted”in bu xüsusda klubun rəsmi saytında dərc etdiyi bəyanatı diqqətinizə çatdırır:
“İyun ayında ortaya çıxmış ilk iddialardan bəri Antoni həm Braziliyada, həm də Böyük Britaniyada polislə əməkdaşlıq edib və bunu davam etdirir. Antoninin işəgötürəni olaraq, “Mançester Yunayted” qərar verdi ki, o, Karrinqtonda məşqlərə davam edəcək və polis təhqiqat apararkən oyunlarda iştirak üçün əlçatan olacaq.
Bu qərar hadisələrin gələcək inkişafından asılı olaraq dəyişdirilə bilər. Klub olaraq biz zorakılıq hərəkətlərini pisləyirik. Biz bu vəziyyətdə aidiyyatı olan hər kəsin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qəbul edirik və bu iddiaların zorakılıq yaşamışlara təsirini anlayırıq”, – “qırmızı şeytanlar”ın bəyanatında deyilir.
Xatırladaq ki, daha əvvəl, futbolçunun keçmiş sevgilisi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun məişət zorakılığı ilə bağlı əməllərindən danışaraq, onu müvafiq məsələdə ittiham etmişdi. Sonradan məlum olub ki, Antoniyə qarşı yeni ittihamlar irəli sürülüb. Britaniya mətbuatının məlumatına görə, daha iki qadın futbolçunu hücumda ittiham edib. Antoni ittihamları təkzib edərək, özünü qurban olduğu və həqiqəti sübut edəcəyini bildirib və qadınlardan biri ilə yazışmaları dərc etdirərək, məsələnin məhkəmə ilə həll ediləcəyini bəyan edib.
Bu yaxınlarda Antoni hadisə ilə bağlı, polisə ifadə vermək və bu yöndə əməkdaşlıq aparmaq məqsədilə ilə Braziliyadan İngiltərəyə qayıdıb. Göründüyü kimi, futbolçu təmiz adının bərpasına səy göstərir.
Antoni 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Geridə qalmış ötən mövsümdə o, “Mançester Yunayted”in heyətində 44 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib və komandası ilə İngiltərə Liqa Kubokunu qazanıb. Cari mövsümdə isə hücumçu “qırmızı şeytanlar”ın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Antoninin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdədir.
Antoni 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisində 16 oyuna 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Vinger Brazliya millisi ilə 2020 Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.


