Tolunay Kafkas Super Liqa klubundan istefaya göndərildi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” klubu baş məşqçisi Tolunay Kafkas ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ankara klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 55 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında baş tutan görüşün ardından belə bir qərar qəbul olunub. İstefaya paytaxt komandasının ölkə çempionatının ilk 7 turunda uğursuz çıxış etməsi səbəb olub.

Xatırladaq ki, son olaraq səfərdə “Qalatasaray”a 1:2 hesabı ilə uduzan “Ankaragücü” 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Komanda keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Tolunay Kafkas bu ilin mart ayından Ankara təmsilçisinə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 20 oyun keçirib. Bu görüşlərdə 6 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət qeydə alınıb.

Kafkas “Ankaragücü” klubundan öncə son olaraq 2016/17 mövsümündə “Akhisarspor” komandasına rəhbərlik etmişdi. O, “Kayserispor”, “Karabükspor”, “Trabzonspor”, “Qaziantepspor” klublarında da baş məşqçi kimi çalışıb, həmçinin Türkiyənin U-21 yığmasına başçılıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: