2023/2024 mövsümündə qadın voleybolçular arasında Azərbaycan çempionatında debüt edəcək “Gəncə” klubu daha bir yeni məşqçi gətirib.
Arena.az xəbər verir ki, sözügedən klub argentinalı məşqçi İqnasio Aqustin İbarra ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə bir illik müqavilə imzalanıb.
O, komandanın baş məşqçisi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Circulo La Plata” klubunda çalışıb.
Xatırladaq ki, Gəncə təmsilçisi bir neçə gün öncə belaruslu məşqçi Vladimir Moysieviçi də heyətinə qatmışdı.
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.


