2023/2024 mövsümündə qadın voleybolçular arasında Azərbaycan çempionatında debüt edəcək “Gəncə” klubu daha bir yeni oyunçu gətirib.
Arena.az xəbər verir ki, sözügedən klub rusiyalı voleybolçu Anna Dmitriyeva ilə güclənib.
Bu barədə Gəncənin eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Dmitriyeva son mövsümü Rusiyanın “Peterburq-Qaz” komandasında keçirib.
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edəcək.


