Eddi İsrafilov Azərbaycan millisinin qarşıdakı rəsmi oyunlara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışından kənarlaşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, İsrafilov zədə səbəbindən yığmamızın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya və Avstriyaya qarşı keçirəcəyi oyunlara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.
Xatırladaq ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin kollektivi bundan üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.
İspaniyada dünyaya göz açmış Eddi 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 22 oyun keçirib. O, 2022-ci ilin yanvarından “Neftçi”də oynayır. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunda 47 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.



