Şəhriyar Məmmədov “Araz Saatlı”dan istefa verdi

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Araz Saatlı” komandasının baş məşqçisi Şəhriyar Məmmədov istefa verib.

Arena.az xəbər verir ki, bu barədə Saatlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Şəhriyar Məmmədov bu gün öz istəyi ilə komandadan ayrılıb. “Araz Saatlı”nın peşəkar liqada çıxış etməsində əsas pay sahiblərindən olan mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.

Onu bu postda əvəzləyəcək mütəxəssisin kimliyi geniş ictimaiyyətə sabah açıqlanacaq.

Xatırladaq ki, “Araz Saatlı” Birinci Liqanın cari mövsümünə çox pis başlayıb. Komanda geridə qalan 4 turda məğlubiyyətləri sıralayıb. İlk turda “İmişli”yə doğma meydanda 0:3 hesabıyla uduzan Saatlı təmsilçisi səfərdə “Şamaxı”ya 8 cavabsız qolla məğlub olmuşdu. 3-cü turda “Mingəçevir”lə ev oyunundan 0:2 hesablı məğlubiyyətlə ayrılan “Araz Saatlı” son olaraq səfərdə “İrəvan”a 0:7 hesabıyla uduzub. Xal hesabını aça bilməyən komanda hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

“Araz Saatlı” Birinci Liqada növbəti oyununu 5-ci tur çərçivəsində “Difau Ağsu”ya qarşı keçirəcək. Oktyabrın 19-da Saatlı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq oyuna saat 15:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: