“Marcet” Futbol Akademiyasının məşqçiləri tərəfindən bəyənilmiş azərbaycanlı futbolçular bu gün İspaniyaya yola düşüblər.
Arena.az xəbər verir ki, sözügedən akademiyanın məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-nə qədər Bakı Olimpiya Stadionunda ASTA-nın (Azerbaijan Sport Talents Academy) təklif etdiyi futbolçuları sınaqdan keçirmişdilər.
Məhz ASTA ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marcet” Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, Bakıdakı sınaqlarda özünü yaxşı tərəfdən göstərmiş 2008-2009-cu il təvəllüdlü futbolçular bu gün səhər saatlarında İspaniyaya yola düşüblər. İyulda 51 yeniyetmə arasından seçilən 15 uşaqdan yalnız Tuncay Əhmədov digərlərinə bir qədər gec qoşulacaq. Belə ki, U-17 millisində çıxış edən Tuncay yığmanın oyunlarına görə Barselonaya bu ayın sonunda yollanacaq.
4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcək yeniyetmələrin adları belədir:
Elbrus Kərimov
Nadir Nəsibli
Tuncay Əhmədov
Sinan Mehdiyev
Ariz Kərimov
Əlibaba Fətəliyev
Tunar Rzayev
Sahil Əsgərli
Addis İsmaylov
Muhammed Çodarov
Murad Əliyev
Pünhan Kərimov
Səttar Tahirzadə
Atacan Məmmədov
Kamran İsmayılov.
Xatırladaq ki, yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.


