Ağasəlim Mircavadov: “Milli ağıllı oynayaraq qalib gəldi”

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov yığma komandanın ötən gün Estoniyaya qarşı keçirdiyi səfər matçını şərh edib.

Arena.az saytına açıqlamasında təcrübəli mütəxəssis 2:0 hesablı səfər qələbəsi ilə bağlı bunları söyləyib:

“Dünən milli ağıllı oynayaraq qalib gəldi. Ən çox xoşuma gələn məqam müdafiədə yaxşı top saxlamağımız idi. Düzdür, birinci hissədə müdafiədə həyəcan hiss olunurdu, lakin ikinci yarı yaxşı keçdi. Bu qələbə gənclərə böyük ruh verə bilər.

Orta xətdə müəyyən problemlərimiz var idi. Bəzi oyunçular orta sahədə o qədər də yaxşı oyun keçirmədilər. Amma kollektiv cəhətdən çox yaxşı oyun keçirdilər”.

Ağasəlim Mircavadov ayrı-ayrı futbolçuların da çıxışına qiymət verib: “Müdafiədə Rahil Məmmədovun oyunundan xoşum gəldi. Müdafiədən əlavə hücumda da istəkli idi. İkinci qolun vurulmasında onun payı var idi. Mərkəzdə Coşqun Diniyev çox yaxşı oyun keçirdi. Əvvəlki illərdə Azərbaycan klublarında çıxış edəndə aktiv deyildi. Amma indi həm fiziki durumu yaxşı vəziyyətdədir, həm topla yaxşı işləyir. Aleksey İsayev isə öz oyunundan aşağı səviyyədə çıxış etdi. Buna görə dünən əvəzləndi. Həmişə topla aktivliyi ilə yadda qalıb. Amma dünənki oyunda ağır idi. Orta xətt komandanın beynidir. Bütün hərəkətlilik oradan başlayır. Bizdə son illərdə belə oyunçular yoxdur”.

Millimizin sabiq çalışdırıcısı gün sonra Bakıda baş tutacaq Avstriya ilə oyuna da toxunub: “Estoniyadakı qələbə komandaya böyük ruh yüksəkliyi qazandırdı. Dünən çox istəkli oyun sərgiləndi. Həmin bu istəyi ayın 16-da da davam etdirmək lazımdır. Amma heyətdə bir balaca dəyişiklik etməyə ehtiyac var”.

Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ötən gecə Tallindəki “Le Koq Arena”da baş tutan Estoniya – Azərbaycan oyunu yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizə qələbə qazandıran qolları Toral Bayramov (9) və Ramil Şeydayev (45+4) vurublar.

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Avstriya oyununa saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: