AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Avstriya matçından əvvəl mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli olub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oktyabrın 15-də saat 18:30-da media nümayəndələrinin qarşısına çıxacaq.
Tədbir görüşün baş tutacağı “Dalğa Arena”da gerçəkləşəcək. Saat 19:00-da isə yığmamızın açıq məşqinə start veriləcək.
Qonaqların baş məşqçisi Ralf Ranqnikin mətbuat konfransı isə Bakıda yox, Avstriyada olacaq. Almaniyalı mütəxəssis saat 12:15-də Vyanadakı “Ernst Happel” stadionunda jurnalistlərin suallarını cavablandıracaq. Açıq məşq isə saat 19:00-da eyni arenada reallaşacaq.
Xatırladaq ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Avstriya oyununa saat 20:00-da start veriləcək.
Avstriya yığması ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi isə səfərdə Estoniyaya qalib gəlib – 2:0.


