Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, milli komandamız ilkin təsnifat mərhələsindəki ikinci matçını doğma meydanda keçirib.
“Bakı İdman Sarayı”nda keçirilən oyunda rəqib İspaniya kollektivi olub. Görüşdən əvvəl Avropa Həndbol Federasiyasının bayrağı meydançaya gətirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qarşılaşmaya start verilib.
Maraqlı mübarizə ilə yadda qalan görüşün ilk hissəsində tədricən təşəbbüsə yiyələnən qonaqlar favorit statuslarını təsdiqləyiblər – 20:12. Fasilədən sonra da üstünlüyü əldən verməyən İspaniya millisi görüşü 38:18 hesablı qələbə ilə başa vurub.
Xatırladaq ki, komandamız seçmə mərhələdəki ilk oyununu Skopyedə Şimali Makedoniya yığmasına qarşı keçirmiş və böyük hesabla məğlub olmuşdu – 17:40. İspaniya isə Litvanı üstələmişdi – 47:14.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı növbəti oyununu gələn il Litva yığmasına qarşı keçirəcək. Bu komanda ilə ilk oyun gələn ilin fevral ayının 28-də Bakıda baş tutacaq.


