“Lids”, azarkeşinin “Nyukasl”ın baş məşqçisi Eddi Haunu itələməsi ilə bağlı İngiltərə Futbol Assosiasiyası (The FA) tərəfindən cərimələnib.
Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, sözügedən klub pul cəzası ilə yanaşı xəbərdarlıq da alıb.
İngiltərə Futbol Assosiasiyası Premyer Liqa çərçivəsində 2023-cü ilin may ayının 13-də “Nyukasl”a qarşı keçirilmiş oyunda (2:2) baş vermiş bu hadisəyə görə “Lids”i 40 min funt-sterlinq məbləğində cərimələyib. Klub həmçinin 2024/2025 mövsümünün sonuna qədər 20 min funt-sterlinq məbləğində şərti pul cəzası alıb. İngiltərə Futbol Assosiasiyası “Nyukasl”a qarşı keçirilmiş oyunda həmçinin E21.1 maddəsi üzrə qaydaları pozduğuna görə kluba xəbərdalıq ünvanlayıb və gələcəkdə özünün davranış qaydalarına diqqət yetirməyə səsləyib.
Xatırladaq ki, bu hadisə “Elland Roud”un texniki sahəsində baş verib. Şərqi Yorkşir polisi tez bir zamanda Eddi Hauya hücumda ittiham edilən tərəfdarı müəyyən edərək nəzarətə götürüb.
Təqsirləndirilən şəxs iyul ayında hakimlər qarşısına çıxmalı idi, amma sonradan 12 həftə həbs cəzasına məhkum edilib. Xuliqanlıq etmiş azarkeşə həmçinin 6 il müddətinə futbol oyunlarını stadionda ziyarət etməyə qadağa qoyub. “Lids” isə bu azarkeşə müvafiq xüsusda daha ağır – ömürlük cəza kəsib.
Klub rəhbərliyi etiraf edib ki, onlar tamaşaçılarının nizamlı davranmasını təmin edə bilməyiblər və yersiz, təhqiredici, zorakılıq və ya hədələyici söz və ya davranışlardan istifadə etməsini önləyə bilməyiblər.


