Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Ruslan Abışov futbolçu karyerasını bitirdiyini elan edib.
Arena.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında bunları qeyd edib: “Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm. Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım, amma qismət deyilmiş.
Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə – məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!”
Xatırladaq ki, Ruslan Abışov 2021-ci ilin iyul ayından “Zirə”nin formasını geyinirdi. Təcrübəli oyunçu bu komandada cəmi 4 matça çıxıb və daha çox ehtiyatda qalıb. O, sözügedən klubdan bu ilin iyun ayında azad agent kimi ayrılmışdı və əslində karyerasını bitirəcəyi gözlənilən idi. Sadəcə, müdafiəçi yekun qərarını bu gün rəsmən açıqlayıb.
Abışov karyerası ərzində “Neftçi” (107 oyun, 12 qol, 1 assist), “Qəbələ” (48 oyun, 4 qol), “Xəzər Lənkəran” (21 oyun, 2 qol, 1 assist), “Sabah” (13 oyun), “İnter” (indiki “Şamaxı”, 12 oyun, 5 qol, 1 assist) kimi klublarda da forma geyinib. O, Rusiyada legioner həyatı da yaşayıb. Millimizin sabiq üzvü Kazan təmsilçisi “Rubin”də 6 oyun keçirib.
Abışov Azərbaycan milli komandasında da 59 oyun keçirib, 4 qola imza atıb.


