Turin təmsilçisi “Yuventus” komandanın mərkəz müdafiəçisi Federiko Qatti ilə anlaşaraq, müqaviləsini yeniləyib.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.
Vurğulayaq ki, Qatti qanunsuz mərc qoyuluşlarında adı hallanan futbolçuların siyahısında yer alır.
Tərəflər arasında yeni müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Müdafiəçinin yeni müqaviləyə əsasən Turin klubunda ildə 1,4 milyon avro qazanacağı bildirilir.
Cari mövsümdə Qatti “qoca sinyora”nın heyətində 7 oyuna 1 qol vurub. Müdafiəçinin “Yuventus”un heyətində ümumi statistikası isə belədir: 34 oyun, 3 qol.
Qatti “Yuventus”a 2022-ci ilin iyun ayının 30-da “Frozinone”dən keçib. O, daha öncə “Pro Patriya”, “Verbaniya”, “Pavarolo”, “Saluzzo” və “Alessandriya” kimi komandalarda da çıxış edib.
Federiko Qatti 2022-ci ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 2 oyun keçirib. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Federiko Qattini 12 milyon avro məbləğində qiymətləndirir.


