“Monpelye”nin fransalı mərkəz müdafiəçisi Mamadu Sako ilə komandanın baş məşqçisi Mişel Ter-Zakaryan məşq zamanı əlbəyaxa olublar.
Arena.az bu barədə “L’Equipe” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Sako ikitərəfli oyun zamanı ona qarşı kobud oyun müqabilində vəziyyəti qeydə almamış baş məşqçisinə qəzəblənib. Zakaryan cavab olaraq Sakonun üstünə qışqıraraq onun ağlağan adlandırıb. Məşqçinin ismarışı ondan ibarət olub ki, nə vaxt və necə məşq edəcəklərinə qərar verən futbolçular deyil. Sako baş məşqçinin bu sözlərinə cavab olaraq onu itələyib və Zakaryan yıxılıb.
Sako 2013-cü ilə qədər oynadığı PSJ-nin yetirməsidir. Sonralar o, 19 milyon avro müqabilində “Liverpul”a keçib. 2016-cı ildə Mamadu dopinq qalmaqalına düşüb, bundan sonra isə “Kristal Pelas”a icarəyə verilib. Bir il sonra “qartallar” Sakonu 28,2 milyon avroya satın alıblar. 2021-ci ilin iyulunda isə Sako azad agent qismində “Monpelye”yə qoşulub. Müdafiəçinin “Monpelye” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Sako cari mövsümdə “Monpelye”nin heyətində cəmi 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Mamadu Sako 2010-cu ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 29 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 33 yaşlı Mamadu Sakonu 1,50 milyon avro məbləğində qiymətləndirir.
Mişel Ter-Zakaryan isə bu ilin fevralından “Monpelye”yə rəhbərlik edir. Ermənistandan olan Ter-Zakaryan futbolçu karyerası dövründə yalnız “Nant” və “Monpelye”nin şərəfini qoruyub. O, məşqçilik karyerasına da məhz indiki klubunda başlayıb. Burada əvvəlcə köməkçi məşqçi kimi çalışan erməni mütəxəssis, 2017-2012-ci illərdə də baş məşqçi olub. 60 yaşlı məşqçi karyerası ərzində “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib.


