Azərbaycan Premyer Liqasının 2-ci dövrəsinin “Kəpəz” – “Qarabağ” və 3-cü dövrənin “Qarabağ” – “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ağdam klubunun müraciətini, Gəncə klubunun razılıq məktubunu nəzərə alan PFL bu iki komanda arasındakı oyunların məkanını dəyişdirib. Bu addım “Qarabağ”ın Avropa Liqasının qarşıdan gələn “Bayer”lə (Almaniya) oyununa daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.
Beləliklə, noyabrın 4-də Premyer Liqanın 12-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Kəpəz” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna 16:00 start veriləcək.
PFL-in açıqlamasında o da qeyd olunur ki, bu komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.


