DÇ-2023: Azərbaycan millisi qrupdan maksimum nəticə ilə çıxdı!

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz üçüncü oyununda Küveyt yığması ilə üz-üzə gəlib.

İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni vaxtından öncə rəsmiləşdirmiş son Avropa çempionuna növbəti raunda qrup birincisi kimi adlamaq üçün heç-heçə də kifayət edirdi. Amma yığmamız son oyundan da qalib ayrılaraq növbəti mərhələyə maksimum nəticə ilə yüksəlib. Millimiz budəfəki rəqibini 3:1 hesabı ilə məğlub edib. Komandamızın heyətində 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə fərqləniblər.

Azərbaycan yığmasının 1/8 finaldakı rəqibi H qrupunda ikinci yeri tutacaq komanda olacaq.

Xatırladaq ki, G qrupunda yer alan Azərbaycan millisi əvvəlki oyunlarında İraq (2:0) və Misir (4:1) üzərində qələbələrə sevinmişdi.

Bu gün qrupun digər oyununda Misir və İraq yığmaları üz-üzə gəliblər. Misirlilər bu oyundan 4:2 hesablı qələbə ilə ayrılıblar.

DÇ-2023
G qrupu
31 oktyabr

Azərbaycan – Küveyt 3:1
BƏƏ. Ras Əl-Xayma şəhəri.

Xal: Azərbaycan – 9. Misir – 6. İraq – 1. Küveyt – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: