Yozua Kimmix iki oyunluq cəza aldı

“Bayern”in alman dayaq yarımmüdafiəçisi Yozua Kimmix qeyri-idmani davranışı müqabilində 2 oyunluq cəzalandırılıb.

Arena.az Alman Futbol İttifaqının (DFB) mətbuat xidmətinə istinadən məlumat verir ki, qurum Kimmixi Bundesliqanın 9-cu turunda “Bayern” – “Darmştadt” oyununda (8:0) son ümidlə yol verdiyi qayda pozuntusuna görə müvafiq surətdə cəzandırmağı düzgün hesab edib.

Xatırladaq ki, Şənbə günü keçirilmiş oyunun 4-cü dəqiqəsində Kimmix qapıçı ilə təkbətək çıxan rəqib futbolçunu əlləri tutub saxlamaqla, birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, Kimmix “Bayern”in Bundesliqanın növbəti iki turu çərçivəsində keçirəcəyi oyunları tribunadandan izləməli olacaq. 10-cu turda “Bayern” ağır səfər oyununda Dortmund “Borussiya”sının qonağı olcaq, 11-ci turda isə “Heydenhaym”ı qəbul edəcək.
Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,50 milyon avro müqabilində “Ştutqart”dan keçib. Kimmixin Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kimmix münhenlilərin heyətində 14 oyuna çıxıb, 5 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 361 oyun, 40 qol, 99 məhsuldar ötürmə.
Kimmix Almaniya nəhənginin heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 80 oyuna 6 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı Yozua Kimmixi 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: