Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) son oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz 3-cü yer uğrunda oyunda Macarıstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Sonuncu Avropa çempionu olan Azərbaycan millisi mundialda da ən azı bürünc medal əldə etməyə çalışacaq.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki oyunlarından maksimum nəticə ilə ayrılıb. Futbolçularımız İraqa 2:0, Misirə 4:1, Küveytə isə 3:1 hesabıyla qalib gəliblər. 1/8 finalda Portuqaliya yığması ilə qarşılaşan millimiz bu rəqibini də 3:0 hesabıyla məğlub edib. Bolqarıstanla 1/4 final görüşü isə 3:1 hesabıyla millimizin xeyrinə yekunlaşıb. Yalnız ötən gün baş tutan Qazaxıstanla matçda 2:3 hesabıyla uduzan millimiz finala çıxa bilməmişdi.
Macarıstan yığması isə ötən gün Rumıniya yığmasına 0:3 hesabıyla uduzduğu üçün finala yüksələ bilməyib.
Dünya çempionatının finalında isə Rumıniya və Qazaxıstan yığmaları mübarizə aparacaqlar. Bu komandaların həlledici görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
DÇ-2023
3-cü yer uğrunda oyun
4 noyabr
18:00. Azərbaycan – Macarıstan
BƏƏ. Ras Əl-Xayma şəhəri.


