Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) son oyununa çıxıb.
Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz 3-cü yer uğrunda oyunda Macarıstan yığması ilə üz-üzə gəlib.
Sonuncu Avropa çempionu olan Azərbaycan millisi mundialda da ən azı bürünc medal əldə etməyə çalışıb. Lakin dörd qolluq qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb. Beləcə, komandamız mundialı medalsız başa vurub. Yığmamızın son oyundakı yeganə qoluna Elvin Əlizadə imza atıb.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki oyunlarından maksimum nəticə ilə ayrılmışdı. Futbolçularımız İraqa 2:0, Misirə 4:1, Küveytə isə 3:1 hesabıyla qalib gəlmişdilər. 1/8 finalda Portuqaliya yığması ilə qarşılaşan millimiz bu rəqibini də 3:0 hesabıyla məğlub etmişdi. Bolqarıstanla 1/4 final görüşü isə 3:1 hesabıyla millimizin xeyrinə yekunlaşmışdı. Ötən gün baş tutan Qazaxıstanla matçda 2:3 hesabıyla uduzan millimiz finala çıxa bilməmişdi və üçüncü yer uğrunda oyuna çıxmaq məcburiyyətində qalmışdı.
Dünya çempionatının finalında isə Rumıniya və Qazaxıstan yığmaları mübarizə aparacaqlar. Bu komandaların həlledici görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
DÇ-2023
3-cü yer uğrunda oyun
4 noyabr
Azərbaycan – Macarıstan 1:3
BƏƏ. Ras Əl-Xayma şəhəri.


