Liqa 1 təmsilçisi “Monpelye”də çıxış edən fransalı mərkəz müdafiəçisi Mamadu Sako komandadan ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, bir müddət öncə komandanın baş məşqçisi Mişel Ter-Zakaryanla dalaşmış təcrübəli futbolçu bu klubda qalmaq istəməyib.
O, klub rəhbərliyi ilə müzakirələrdən sonra “Monpelye” ilə müqaviləsini birdəfəlik ləğv edib. Sako azad agent kimi Liqa 1 təmsilçisindən ayrılıb. O, qışda istədiyi klubla müqaviləyə bağlaya biləcək.
Xatırladaq ki, bir müddət öncə Sako ikitərəfli oyun zamanı ona qarşı kobud oyun müqabilində vəziyyəti qeydə almamış baş məşqçisinə qəzəblənib. Ter-Zakaryan cavab olaraq Sakonun üstünə qışqıraraq onun ağlağan adlandırıb. Məşqçinin ismarışı ondan ibarət olub ki, nə vaxt və necə məşq edəcəklərinə qərar verən futbolçular deyil. Sako baş məşqçinin bu sözlərinə cavab olaraq onu itələyib və Zakaryan yıxılıb. Bu üzdən də o, komandadan kənarlaşdırılmışdı və fərdi məşqlərlə kifayətlənirdi.
Sako 2013-cü ilə qədər oynadığı PSJ-nin yetirməsidir. Sonralar o, 19 milyon avro müqabilində “Liverpul”a keçib. 2016-cı ildə Mamadu dopinq qalmaqalına düşüb, bundan sonra isə “Kristal Pelas”a icarəyə verilib. Bir il sonra “qartallar” Sakonu 28,2 milyon avroya satın alıblar.
2021-ci ilin iyulunda isə Sako azad agent qismində “Monpelye”yə qoşulmuşdu. Müdafiəçinin “Monpelye” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu.
Sako cari mövsümdə “Monpelye”nin heyətində cəmi 1 oyun keçirib. Onun bu komandadakı ümumi statistikası isə 49 oyun, 1 qol və 1 assistdən ibarətdir.
Mamadu Sako 2010-cu ilin noyabrında debüt etdiyi Fransa yığmasında 29 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 33 yaşlı Sakonu 1,5 milyon avro məbləğində qiymətləndirir.
Ter-Zakaryan isə bu ilin fevralından “Monpelye”yə rəhbərlik edir. O, futbolçu karyerası dövründə yalnız “Nant” və “Monpelye”nin şərəfini qoruyub. O, məşqçilik karyerasına da məhz indiki klubunda başlayıb. Burada əvvəlcə köməkçi məşqçi kimi çalışan erməni mütəxəssis, 2017-2012-ci illərdə də baş məşqçi olub. 60 yaşlı məşqçi “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib.


