UEFA Gənclər Liqası: “Qəbələ” yunanlara ilk oyunda məğlub oldu

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin ikinci mərhələsinin ilk matçında Yunanıstanın “Olimpiakos” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb.

Azərbaycan futbolu tarixində ikinci dəfə bu raundda mübarizə aparan “Qəbələ” rəqibini doğma stadionda qəbul edib. Birinci mərhələdə “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdıran (1:1, 1:0) “qırmızı-qaralar” pley-ofa yüksəlmək üçün Pirey təmsilçisini də mübarizədən kənarlaşdırmalıdır. Lakin bu rəqiblə Qəbələ şəhər stadionunda baş tutan ilk oyun uğursuz alınıb. Qonaqlar ilk hissədə 1, ikinci yarıda isə 2 qol vuraraq qələbə qazanıblar – 3:0.

Xatırladaq ki, komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə baş tutacaq.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələnin ilk oyunu
8 noyabr

“Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) 0:3
Qollar: Muzakitis, 4-pen. Kostulas, 64. Darviras, 87.
Baş hakim: Qoqa Kikaçeişvili.
Baş hakimin köməkçiləri: David Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan).
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).
Qəbələ şəhər stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: