Çempionlar Liqasında daha 4 klub 1/8 finala vəsiqə qazandı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutub.

Türkiyə çempionu “Qalatasaray” səfərdə Almaniya nəhəngi “Bayern”lə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. İngiltərə təmsilçisi “Mançester Yunayted” isə “Kopenhagen”in (Danimarka) qonağı olub. Bol qollu matçda “qırmızı şeytanlar” məğlubiyyətə üzülüblər.

B qrupunda “Lans” PSV-nin, “Sevilya” isə London “Arsenal”ının qonağı olub. Hər iki oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

C qrupunda “Union Berlin” səfərdə “Napoli”ylə, “Braqa” isə Madrid “Real”ı ilə münasibətlərinə aydınlıq gətirib. İtaliyadakı oyunda heç-heçə qeydə alınıbsa, Madrid təmsilçisi evdə darmadağına sevinib.

D qrupunda isə “Zalsburq” – “İnter” və “Real Sosyedad” – “Benfika” görüşləri baş tutub. İspaniya təmsillçisi evdə, İtaliya klubu isə səfərdə qalib gəlib. Nəticədə “İnter”lə “Real Sosyedad” pley-offa vəsiqəni təmin ediblər. Bu komandalarla yanaşı, “Bayern” və “Real” da 1/8 finala yüksəliblər. Ötən gün “Mançester Siti” ilə “Leypsiq” də 1/8 finala vəsiqəni təmin etmişdilər.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun görüşləri 28 və 29 noyabrda keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
8 noyabr

A qrupu

“Bayern” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 2:1
Qollar: H.Keyn, 80; 86 – Bakambu, 90+1.

“Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) 4:3
Qollar: M.Elyunussi, 45. Qonsalves, 45+9. Lerager, 83. Bardi, 87 – Hoylund, 3; 28. B.Fernandes, 69-pen.

Xal: Bayern – 12. Kopenhagen – 4. Qalatasaray – 4. Mançester Yunayted – 3.

B qrupu

PSV (Niderland) – “Lans” (Fransa) 1:0
Qol: De Yonq, 12.

“Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:0
Qollar: Trossar, 29. Saka, 64.

Xal: Arsenal – 9. PSV – 5. Lans – 5. Sevilya – 2.

C qrupu

“Napoli” (İtaliya) – “Union Berlin” (Almaniya) 1:1
Qollar: Politano, 39 – Fofana, 52.

“Real” (İspaniya) – “Braqa” (Portuqaliya) 3:0
Qollar: B.Dias, 27. Vinisius, 58. Rodriqo, 61.

Xal: Real – 12. Napoli – 7. Braqa – 3. Union Berlin – 1.

D qrupu

“Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1
Qollar: Merino, 6. Oyarzabal, 11. Barrenetçea, 21 – Rafa Silva, 49.

“Zalsburq” (Avstriya) – “İnter” (İtaliya) 0:1
Qol: L.Martines, 85.

Xal: Real Sosyedad – 10. İnter – 10. Zalsburq – 3. Benfika – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: