“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov Birinci Liqanın 8-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirilən bu oyunda qalib müəyyənləşməyib – 1:1.
Qarşılaşmada hesabı erkən qola sevinən qonaqlar açsa da, fasilədən sonra Zaqatala təmsilçisi bərabərlik qolunu vurmağı bacarıb.
Meydan sahiblərinin baş məşqçi Rüstəm Məmmədovla əlaqə saxlayıb oyun haqda fikirlərini öyrəndik. Arena.az-a açıqlamasında o, heç-heçəni belə şərh etdi:
“Şamaxı” güclü komandalardan biridir. Builki çempionatda zəif və güclü anlayışı yoxdur. Demək olar ki, bütün komandalar eyni səviyyədədirlər. Müəyyən təcrübəli futbolçuları və ehtiyat qüvvəsi çox olan klublar nisbətən fərqlənirlər. Bu klublardan biri də “Şamaxı”dır.
İki oxşar üslubda oynayan komandaların qarşılaşması idi. Çatışmayan cəhətlərimiz çoxdur. Birəbir mübarizələrdə məğlub oluruq. Bunun üzərində məşqlərdə işləyirik. Az qol vurmağımız qalib gəlməyimizə mane olur. Bu qarşılaşmada zədəli oyunçularımızın sıraya qayıtması bizə kömək oldu. Çox da uğurlu çıxış etmirik, amma kiminsə bizdən rahatlıqla xal almasına şərait yaratmırıq”.


