Çili yığmasının baş məşqçisi, 54 yaşlı argentinalı mütəxəssis Eduardo Berisso tutduğu vəzifədən istefa verib.
Arena.az məlumat verir ki, Berisso bu barədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayla 0:0 hesablı heç-heçədən sonra mətbuat konfransında məlumat verib.
Mütəxəssis Çili yığmasının düşdüyü böhranda gücsüzlüyünü etiraf etmək məcburiyyətində qalıb. O, çıxış yolunu vəzifəsini tərk etməkdə görüb.
Xatırladaq ki, CONMEBOL zonası üzrə seçmə mərhələnin turnir cədvəlində qitənin tarixən ən güclü 4-cü yığması sayılan Çili kollektivi hazırda 5 xalla 8-ci pillədə qərarlaşıb. Cənubi Amerika zonasından qarşıdakı dünya çempionatına 6 birbaşa vəsiqə nəzərdə tutulub. 7-ci vəsiqənin sahibi isə pley-off oyunlarında iştirak hüququ qazanmış olacaq. Göründüyü kimi Çili yığması 10 komandanın mübarizə apardığı seçmə mərhələdə uğursuzluq zolağı yaşayır. Belə davam edəcəyi halda komandanın dünya çempionatına çıxmaq imkanları dumanlı görünür.
Berisso Çili yığmasını 2022-ci ilin may ayının sonunda qəbul edib. Bu müddətdə argentinalı mütəxəssisin rəhbərliyi altında çilililər 16 oyuna çıxıblar, 4 dəfə qalib gəliblər, 5 dəfə heç-heçə ediblər, 7 oyunda isə məğlub olublar. Top fərqi isə mənfiyə doğrudur – 17-20. Müvafiq nəticə son illərdə Çili yığmasının ən bərbad çıxışı əks etdirir.


