Françesko Kamarda “Milan”ın tarixinə düşə bilər

“Milan”ın hücumçusu Françesko Kamarda komandanın baş məşqçisi Stefano Pioli tərəfindən A Seriyasının “Fiorentina” ilə oyununa çağırılıb.

Arena.az bu barədə “Sport Mediaset” dərgisinə istinadən məlumat verir.

“Milan”ın heyətində hücumameyilli oyunçuların zədələri və cəzalı olmaları səbəbindən Pioli hücumun mərkəzində hazırda yalnız Luka Yoviçə arxalana bilir.

15 yaşlı Kamarda “Fiorentina” ilə A Seriyasının 13-cü tur oyununda meydana çıxsa, A Seriyasının tarixində ən gənc futbolçu olacaq. Rekord hazırda “Bolonya”nın müdafiəçisi Uizdom Amiyə məxsusdur. Ami 15 yaş 274 günlüyündə “Cenoa” ilə oyunda əvəzetmədən sonra meydana daxil olub.

Mərkəz hücumçusu olan Kamardanın “Milan”la müqaviləsi cari ilin iyul ayının 1-dən qüvvəyə minib. Müqavilənin müddəti haqda məlumat yoxdur. Yeniyetmə futbolçu “Milan”ın U-17 və U-19 komandalarında oynayıb.

Françesko Kamarda cari mövsümdə “Milan”ın gənclər komandasında 13 oyuna çıxıb. O, bu oyunlarda 7 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib, meydanda 605 dəqiqə keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: