Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsindən danışıb.
Arena.az məlumat verir ki, dünən, noyabrın 28-də “Atletiko” qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə “Feyenoord”u 3:1 hesabı ilə məğlub edib.
Nəticədə İspaniya klubu mötəbər turnirin ələmə mərhələsinə vəsiqəsini təmin edib:
“Oyunçularım üçün çox şadam. Nə qədər çətin rəqibimiz olduğunu bilirdik. Biz bilirdik ki, onlar öz stadionunda Avropada yaxşı oynayırlar və çempionatda yaxşı çıxış edirlər. Amma biz bunun öhdəsindən yaxşı gəldik, istədiyimiz kimi oynadıq.
Bəzi oyunçular fərdi qaydada çox güclü oynadılar və hesab edirəm ki, biz klub üçün çox vacib oyun keçirdik”, – UEFA-nın rəsmi saytı argentinalı mütəxəssisin sözlərindən sitat gətirir.
“Atletiko” yer aldığı “E” qrupunun lideridir, döşəkçilərin 11 xalı var. Madridliləri 10 xalla “Latsio” təqib edir. Hər iki komanda üçün sonuncu, 6-cı tur qrupu 1-ci və ya 2-ci olaraq bitirmək baxımından əhəmiyyət kəsb edəcək. “Feyenoord” 6 xal toplayıb və mübarizəsini Avropa Liqasında sürdürəcək. Şotlandiya nəhəngi “Seltik” isə 1 xal qazana bilib və turniri üzüqara tərk etməli olacaq.


