“Nant” komandanın qeyri-qənaətbəxş çıxışı mənzərəsində mövsümün ilk üçdə birində məçqçi dəyişikliyi qərarını daha düzgün addım hesab edib.
Arena.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən məlumat verir ki, klub fransalı mütəxəssis Pyer Aristui ilə yollarını ayırıb.

Əvəzində digər bir fransalı mütəxəssis Joslen Qurvenneki komandanın sükanı arxasına gətirilib:
“Nant” Futbol Klubu bu səhərdən etibarən (29 Noyabr) Pyer Aristui və onun heyətinin peşəkar komandadakı məşqçilik vəzifələrini dayandırdığını elan edir. Klubdakı işlərinə bütün insani keyfiyyətlərini və istedadını qatmış Pyer Aristui və onun köməkçilərinə xüsusilə təşəkkür etmək istəyirik. Hər kəs tərəfindən yüksək qiymətləndirilən onlar, xüsusən də ötən mövsümün sonunda klubun Liqa 1-dəki yerini qoruyub saxlamasına imkan yaratdılar”, – “Sarı ev”in rəsmi açıqlamasında bildirilir.
Hazırda “Nant” Liqa 1-in 13 turundan sonra 15 xalla turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.
Klub Joslen Qurvenneklə müddəti cari mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Mütəxəssisin qarşısına əvvəlcə komandanı hazırkı durğunluqdan çıxarmaq və tədricən avrokuboklar uğrunda mübarizəyə kökləmək tapşırığı qoyulub.

51 yaşlı Joslen Qurvennek 2008-ci ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Qurvennekin ilk komandası “La-Roş” olub. Ardınca fransalı mütəxəssis “Genqam”, “Bordo” və “Lill”i çalışdırıb.
Qurvennek “Genqam”a Fransa Kubokunu (2013/2014) qazandırıb və Fransa Liqa Kubokunun finalçısı olub (2018/2019). “Lill”in sükanı arxasında isə Qurvennek “itlər”ə Fransa Super Kubokunu qazandırıb (2021).
Pyer Aristui isə bu ilin may ayından Nantın eyniadlı təmsilçisinə rəhbərlik edirdi. O, bu komandanı cəmi 17 matça çıxarıb. Bu görüşlərdə 5 qələbə, 4 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb. Aristui daha öncə bu klubun U-19, gənclər və B komandasına da rəhbərlik edib.


