18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan millisi (U-18) növbəti Avropa çempionatında mübarizə aparacaq.
Arena.az xəbər verir ki, həndbolçularımız artıq məsul yarışın hazırlığına start veriblər.
Bakıda bir araya gələn gənclərdən ibarət seçmə komandanın üzvləri həm fiziki, həm də texniki-taktiki plan üzrə məşqlərdə iştirak ediblər.
Yığmamız hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanda keçəcək. 5-12 dekabr tarixlərini əhatə edəcək səfər proqramına əsasən qonşu ölkədə yoxlama oyunları da təşkil olunacaq. Azərbaycan millisi Gürcüstanın U-18 və U-16 komandaları ilə 4 görüşdə üz-üzə gələcək.
Qeyd edək ki, 18 yaşadək həndbolçuların Avropa çempionatı gələn ilin avqust ayında təşkil olunacaq.


