“Fənərbaxça” baş məşqçisi İsmail Kartalın rəhbərliyi altında imza atdığı statistikalarla 2023/2024 mövsümünə damğa vurur.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm çıxdığı 25 rəsmi matçın 21-ni qələbə ilə başa vurub.
Super Liqada rəqib qapılarını 37 dəfə silkələyən “sarı-lacivərdlilər”, öz qapılarında 10 qol görüblər. Nəticədə bu komanda Super Liqanın 14-cü turunun yekunlaşması ilə tarixinin ən yaxşı göstəricisinə imza atıb. İstanbul klubu indiyə qədər heç vaxt yüksək top fərqinə imza atmamışdı.
Baş məşqçi İsmail Kartal da karyerasının zirvəsini yaşayır. O, Super Liqa tarixində “Fənərbaxça”ya başçılıq edərək 10-dan çox oyuna çıxan türk baş məşqçilər arasında ən uğurlu performansa malikdir. Belə ki, o “sarı-lacivərd”lilərlə çıxdığı 66 oyunda 152 xal toplayıb və matç başına 2.30 xal ortalamasına çatıb.
“Fənərbaxça” bu mövsüm bütün yarışlarda 67 qol vursa da, 19 fərqli oyunçu İstanbul təmsilçisini sevindirib. Bu baxımdan komandanın liderləri ümumilikdə 43 qol və 28 məhsuldar ötürmə edən Edin Dzeko, Sebastyan Şimanski, İrfan Can Kahveci və Duşan Tadiçdir.
Edin Dzeko – 13 qol + 6 məhsuldar ötürmə
Sebastyan Şimanski – 10 qol + 9 məhsuldar ötürmə
Duşan Tadiç – 10 qol + 7 məhsuldar ötürmə
İrfan Can Kahveci – 10 qol + 6 məhsuldar ötürmə
Xatırladaq ki, Super Liqanın geridə qalmış 14 turundan sonra “Fənərbaxça” 37 xalla liderdir. Bu komanda eyni xala malik “Qalatasaray”ı müsbət top fərqinə görə qabaqlayır.
Nihad Əsədov


